Premyer Liqa: Qış fasiləsinə son, mövsümə davam

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün qış fasiləsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, üçüncü dövrənin və 19-cu turun ilk oyunu Bakıda keçiriləcək.

2025-ci ilə təsadüf edəcək ilk qarşılaşmada lider və son çempion “Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Bu oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” bu qış fasiləsində hələlik heç bir transfer həyata keçirməyib. Əvəzində Ağdam klubunun əsas qol silahı Olavio Juninyo Braziliyanın “Flamenqo” klubuna keçib. “Şamaxı” isə bu qış fasiləsi dönəmində transfer bazarının ən fəal Azərbaycan klubudur. Əyalət təmsilçisi Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov və Conatan Benteke ilə vidalaşdığı halda, Edqar Adilxanovla yeni müqavilə bağlayıb. Üstəlik, əyalət klubu Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov, Andrey Tırkovyanu, Alfons Mabula Msanqa və Vladislav Veremeyev kimi oyunçularla güclənib.

Bütün bunlara baxmayaraq, “Qarabağ” “Şamaxı” ilə görüşdə yenə favorit hesab olunur. Ağdam klubu yeni ilin ilk rəsmi oyunundan 3 xalla ayrılmağa çalışacaq. “Şamaxı” isə güclü rəqibindən 1 xal da alsa, bu, əsl sensasiya sayılacaq.

Premyer Liqa
3-cü dövrə, 19-cu tur

17 yanvar

19:00. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Babək Quliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

18 yanvar

16:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İdman Kompleksinin stadionu

18:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ramil Diniyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 yanvar

16:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kamran Bayramov, Əli Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Asim Xudiyev.
Tovuz şəhər stadionu

18:30. “Neftçi” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. “Neftçi Arena”.