Premyer Liqa: “Sabah” tilsimi qırdı, “Şamaxı”da isə…

Həftəsonu keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 15-ci turu geridə qaldı.

Hesabat turunda turnir cədvəlində bəzi dəyişikliklər qeydə alındı. Arena.az 15-ci turun yaddaqalan və diqqətçəkən məqamları ilə sizi də tanış edir:

“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:0

Bu qarşılaşma taktiki mübarizə şəraitində keçdi. “Araz-Naxçıvan” oyunun böyük hissəsində üstünlüyü əlində saxlayaraq minimal hesablı qələbə qazandı. Müdafiədə sıx oynayan Elmar Baxşıyevin komandası əsasən əks-hücumlarla rəqibini çaşqın vəziyyətə saldı. Qələbəni gətirən qol isə ikinci hissədə vuruldu və bu nəticə ilə “Araz-Naxçıvan” müvəqqəti də olsa, zirvəyə yüksəldi. Bu, kubok görüşünü də nəzərə alsaq, naxçıvanlıların ardıcıl 6-cı qələbəsidir. “Turan Tovuz” isə artıq 4 oyundur 3 xal qazana bilmir. Kurban Berdıyevin kollektivi son 4 turda 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

“Sabah” – “Səbail” 1:0

Yeddi oyun idi 3 xala həsrət olan “Sabah” nəhayət ki, uğursuz gedişata yeni baş məşqçisi Vasili Berezutski ilə son qoydu. Elə ötən həftə istefaya göndərilmiş Krunoslav Renduliçi əvəz edən rusiyalı mütəxəssisin debütü uğurlu alındı. Bu qələbə “Sabah”ın üst sıralardan daha da uzaqlaşmamasına yardımçı oldu. Amma komanda hazırda 22 xalla 5-ci sıradadır. Son 6 çempionat matçında cəmi 1 heç-heçəsi olan, yeni baş məşqçisi Cavid Hüseynovun rəhbərliyi altında da məğlubiyyətləri sıralayan “Səbail”in çöküşü isə davam edir.

“Şamaxı” – “Kəpəz” 0:1

Bu tura qədər çempionatın aşkar autsayderi olan “Kəpəz” Azər Bağırovun rəhbərliyi altında daha bir sürprizə imza atdı. “Şamaxı”nı səfərdə tək qolla üstələyən Gəncə təmsilçisi “Səbail”in növbəti məğlubiyyətindən də istifadə edərək “zirzəmi”dən çıxdı. Ayxan Abbasovun çalışdırdığı “Şamaxı” isə artıq 8 oyundur (!) qələbə üzü görmür. Əyalət təmsilçisi bu görüşlərdə cəmi 2 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

“Zirə” – “Sumqayıt” 4:1

Bu turda ən məhsuldar oyun “Zirə” və “Sumqayıt” arasında baş tutdu. Rəşad Sadıqovun komandası xüsusilə Davit Volkovun fəal oyunu və het-triki sayəsində bu oyunda darmadağına sevindi. Nəticədə “Zirə” ardıcıl 3 məğlubiyyətin ardından uğursuz gedişata son qoya bildi. Vaqif Cavadovun gəlişindən sonra pis təsir bağışlamayan “Sumqayıt” isə ən ağır məğlubiyyətini məhz Zirədə aldı.

“Neftçi” – “Qarabağ” 0:3

Turun ən çox gözlənilən oyunu “Qarabağ”ın tam üstünlüyü ilə başa çatdı. Ağdam təmsilçisi yüksək səviyyəli oyununu bir daha sübut etdi. Qurban Qurbanovun komandasının bunu əsas heyətin üzvləri olmadan gerçəkləşdirməsi də xüsusi vurğulanmalıdı. Qələbə sayəsində “Qarabağ” yenə zirvədəki mövqeyini qorudu.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti turun oyunları 7-9 dekabr aralığında keçiriləcək.

Premyer Liqa
16-cı tur
7 dekabr

“Səbail” – “Araz-Naxçıvan”
“Bayıl Arena”, 15:00.

“Sabah” – “Qarabağ”
“Masazır Arena”, 18:00.

8 dekabr

“Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu, 16:00.

“Sumqayıt” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

9 dekabr

“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 19:00.