Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub. Arena.az xəbər verir ki, “Sabah” – “Neftçi” oyununda bir komandanın qapısına üç penalti zərbəsi təyin olunub. Meydan sahibləri bu üç imkandan ikisindən yararlana bilib.
Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/06 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb. 2005-ci il dekabrın 10-dakı görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.
Meydan sahiblərinin 2:1 hesablı əzmkar qələbəyə sevindiyi “Sabah” – “Neftçi” oyununda azarkeş rekordu da qeydə alınıb. “Bank Respublika Arena”da keçirilmiş matçı 5500 tamaşaçı tribunalardan izləyib ki, bu da, “Sabah”ın Premyer Liqada ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir.
Əvvəlki rekord 2018/19-cu il mövsümündə baş tutmuş “Sabah” – “Qarabağ” matçında qeydə alınmışdı (4500 tamaşaçı).
“Sabah” – “Neftçi” görüşündə Premyer Liqanın cari mövsümündə qeydə alınmış tamaşaçı rekordu da təkrarlanıb. İlk turda baş tutmuş “Turan Tovuz” – “Qəbələ” matçını da eyni sayda azarkeş izləmişdi.
“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev isə bu komandanın heyətində 50-ci çempionat matçına çıxıb. “Neftçi” ilə ev matçında penaltidən qol vuran yarımmüdafiəçi yubileyinə töhfə verib. Bakı klubunda 3-cü mövsümünü keçirən İsayev 50 qarşılaşmada 8 qola imza atıb.
Aleksey “Sabah”ın tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 6-cı futbolçudur. Onadək yalnız beş oyunçu “100”ü yarılayıb.
Elvin Məmmədov 9-cu oldu
Bu turda “Şamaxı”nın yarımmüdafiəçisi Elvin Məmmədov da Azərbaycan çempionatlarında yubiley matçına çıxıb. “Səbail”lə ev matçı “Şamaxı”nın kapitanının 350-ci oyunu olub. 34 yaşlı futbolçu ölkə çempionatları tarixində 350 və daha çox oyuna çıxan 9-cu futbolçu olub. 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edən Məmmədov indiyədək 25 qola imza atıb.
O, Premyer Liqada 7 klubun formasını geyinib. Yarımmüdafiəçi “Bakı”da 73 (3 qol), “Qarabağ”da 70 (3 qol), “Şamaxı”da 54 (7 qol), “Zirə”də 49 (5 qol), “Turan”da 49 (3 qol), “Sumqayıt”da 44 (2 qol) və “Qəbələ”də 11 (2 qol) matç keçirib.
“Şamaxı” – “Səbail” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.