“Tottenhem”in sol cinah vingeri Son Hın Min İngiltərə çempionatında (Premyer Liqa) sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə Premyer Liqanın rəsmi saytına istinadən məlumat verir.
Ötən ay cənubikoreyalı vinger Premyer Liqanın 4 oyununda 6 qol vurub: “Börnli” (het-trik), “Arsenal” (dubl) və “Liverpul” Sonun qəzəbinə keçiblər.
Hazırda 8 turdan sonra topladığı 20 xal sayəsində “Tottenhem” Premyer Liqanın lideridir.
Son Hın Min “Tottenhem”ə 2015-ci ilin avqustunda 20 milyon avro müqabilində Leverkuzen “Bayer”indən keçib. Onun “mahmızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Son kapitanı olduğu “Tottenhem”in heyətində 9 oyunda 6 qol vurub.
Hın Min həmçinin hazırda kapitanı olduğu, 2010-cu ilin dekabrında debüt etdiyi Cənubi Koreya yığmasının heyətində 114 oyun keçirib, 37 qol vurub, 17 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Sonu 50 milyon avro məbləğində qiymətləndirir.
“Çelsi”nin ispan qapıçısı Robert Sançes isə Premyer Liqada sentyabr ayının ən yaxşı qapıçısı seçilib. Sentyabr ayında ispan qapıçı “zadəganlar”ın heyətində İngiltərə çempionatında 3 oyuna çıxıb. Sançes “Nottingem Forest” və “Aston Villa” ilə oyunlarda məğlubiyyət acısı yaşayıb (0:1). Premyer Liqanın 5-ci turunun “Bornmut”a qarşı oyununda isə Sançes “quru oyun”da (0:0) qapısını toxunulmaz saxlaya bilib.
Robert Sançes “Çelsi”yə cari ilin avqustunda 23 milyon avro müqabilində “Brayton”dan keçib. İspan qapıçı “zadəganlar”la müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Sançes “zadəganlar”ın heyətində 10 oyuna çıxıb, 8 qol “yeyib”, 4 oyundan “quru” qurtulub.
Sançes 2021-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyuna çıxıb və hər iki oyunda qapısının toxunulmazlığını təmin edib.
“Transfermarkt” internet-portalı 25 yaşlı Robert Sançesi 28 milyon avro məbləğində qiymətləndirir.