Premyer Liqa: “Sumqayıt” “Araz-Naxçıvan”ı tək qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turun sonuncu oyunu keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyunu “Sumqayıt”la “Araz-Naxçıvan” arasında keçirilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşən qarşılaşmanı Kamranbəy Rəhimov idarə edib.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” doğma meydanda qalib gəlməklə liderlər qrupundan aralanmamağı hədəfləmişdi. “Araz-Naxçıvan” isə aşağı pillələrdən uzaqlaşmaq üçün səfərdən xal və xallarla dönmək arzusundaydı.

“Sumqayıt” bu oyundan öncə 39 xalla 5-ci, “Araz-Naxçıvan” isə 32 xalla 8-ci pillədə qərarlaşmışdı.

Sözügedən kollektivlər bu günə qədər Premyer Liqada 3 dəfə üz-üzə gəlmişdilər. Bu oyunlarda məğlubiyyət görməmiş “Sumqayıt” 1 qələbə qazanmışdı. İki görüşdə isə heç-heçə qeydə alınmışdı. Bütün oyunlarda eyni sayda – 2 qol vurulmuşdu.

Bu matçın taleyini isə bir qol həll edib. “Sumqayıt” matçın əvvəlindəcə təyin olunmuş kifayət qədər mübahisəli və gülməli bir penalti qolu sayəsində bu matçı 3 xalla başa vurub. Bu nəticədən sonra xalını 42-yə çatdıran Sumqayıtın eyniadlı təmsilçisi 4-cü pilləyə yüksəlib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Neftçi”yə, “Sabah” “Zirə”yə 0:1, “Kəpəz” isə “Qarabağ”a 1:6 hesabıyla uduzmuşdu. “Səbail” – “Turan Tovuz” matçında isə qalib müəyyənləşməmişdi – 1:1.

Premyer Liqa
28-ci tur
31 mart

Sumqayıt – Araz Naxçıvan 1:0
Qol: Kazimir Ninqa, 7-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Məşqçi: Mübariz Orucov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.