Premyer Liqa: “Turan Tovuz” yenə “Araz-Naxçıvan”a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

Burada “Turan Tovuz”la “Araz-Naxçıvan” komandaları üz-üzə gəliblər. Turnir cədvəlində qonşu olan bu komandalar 3 turdur qələbəyə həsrət idilər. Ardıcıl 3 heç-heçə etmiş “Turan Tovuz” 32 xalla 7-ci idi. Son iki matçını xalsız başa vurmuş “Araz-Naxçıvan” isə 31 xalla 8-ci pillədə qərarlaşmışdı.

Bu komandalar arasında daha öncə cəmi 2 oyun baş tutmuşdu. Bu oyunların hər ikisi tovuzluların qələbəsiylə yekunlaşmışdı. “Araz-Naxçıvan” xal da qazanmamışdı. “Turan Tovuz” hər iki matçda üç xalı üç qolla əldə etmişdi.

Elə bu dəfə də ənənə pozulmayıb. Düzdür, Tovuz təmsilçisi 3 qol vura bilməsə də, Aleks Souzanın dublu sayəsində inamlı qələbəyə sevinib.

Xatırladaq ki, turun daha öncə baş tutan oyunlarında “Səbail” “Sumqayıt”a 0:1 hesabıyla uduzub, “Sabah” isə “Qəbələ”yə 2:1 qalib gəlib. “Kəpəz” – “Neftçi” matçı da heç-heçə bitib – 3:3.

Tura bu gün keçiriləcək “Qarabağ” – “Zirə” matçı ilə yekun vurulacaq. Bu görüşə saat 18:00-da start veriləcək.

Premyer Liqa
26-cı tur
8 mart

“Turan Tovuz” – “Araz-Naxçıvan” 2:0
Qollar: Aleks Souza, 78; 80.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 15:30.

Turan Tovuz: 13. Aydın Bayramov, 14. Slavik Alxasov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 21. Aleks Souza.
Baş məşqçi: Ayxan Abbasov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike.
Baş məşqçi: Azər Bağırov.