Premyer Liqada fasilə bitdi: Gəncədə 4 qol var, qalib yoxdur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 29 gün davam edən qış fasiləsi başa çatıb. Arena.az xəbər verir ki, yeni ilin ilk və bu mövsümün 19-cu turunun açılış oyunu Gəncədə baş tutub.

Burada yerli “Kəpəz” doğma azarkeşləri qarşısında “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Heyətində bir sıra dəyişiklər edən Gəncə təmsilçisi daha da güclənib. Tərlan Əhmədovun çalışdırdığı bu komanda mövsümün qalan hissəsi üçün iddiasını ortaya qoymaq arzusundadır. “Qəbələ” isə bu qış daha çox heyətini qorumağa çalışdı. Bu komanda fasilə dönəmində yeni transfer etməməsi ilə diqqət çəkdi.

“Qəbələ” geridə qalan 18 turda 25 xal toplamışdı və 5-ci pillədə qərarlaşmışdı. Autsayder “Kəpəz” isə 12 xalla 9-cu idi. Amma qarşılaşmaya Gəncə təmsilçisi daha yaxşı başlayıb. Sözügedən komanda ilk hissəni penaltilərlə vurduğu qollar sayəsində 2:0 öndə qapayıb. Lakin ruhdan düşməyən “Qəbələ” ikinci hissədə buraxılan qolların əvəzini çıxmağı bacarıb. Nəticədə dörd qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib.

Xatırladaq ki, 19-cu turun “Turan Tovuz” – “Qarabağ” və “Zirə” – “Sumqayıt” oyunları sabah keçiriləcək. “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” görüşləri isə 26 yanvarda keçiriləcək.

Azərbaycan Premyer Liqası
19-cu tur
24 yanvar

“Kəpəz” – “Qəbələ” 2:2
Qol: A.Ayzaya, 18-pen. M.Junior, 42-pen – R.Renato, 63. Ü.İsgəndərov, 79.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Elşad Abdullayev.
Gəncə şəhər stadionu, 14:00.

Kəpəz: 71. Mario Mustapiç, 40. Ahmed Ayzaya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov.
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 10. Salif Sisse, 8. Tural Axundov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.