İngiltərə Premyer Liqası rəsmi saytı vasitəsilə başa çatmaqda olan 2022/2023 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.
Arena.az xəbər verir ki, İngiltərədə mövsümün ən yaxşı oyunçusu adına “Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Haland layiq görülüb.
Haland bu mükafata elitada mübarizə aparan 20 klubun kapitanı və xüsusi ekspertlər qrupu arasında keçirilmiş səsvermə nəticəsində layiq görülüb. Haland səsvermədə Kevin De Bröyne (“Mançester Siti”), Harri Keyn (“Tottenhem”), Martin Edeqor, Bukayo Saka (hər ikisi – “Arsenal), Markus Raşford (“Mançester Yunayted”) və Kiran Trippyeri (“Nyukasl”) geridə qoymağı bacarıb.
Haland “Mançester Siti”nin heyətində İngiltərə çempionatında mövsümün ən yaxşısı olmağı bacarmış dördüncü futbolçudur. Ona qədər nüfuzlu adı müdafiəçilər Vensan Kompani (2011/2012) və Ruben Dias (2020/2021), yarımmüdafiəçi Kevin de Bröyne (2019/2020 və 2021/2022) layiq görülüblər.
Haland cari mövsümdə “Mançester Siti”nin heyətində həm oyun keyfiyyəti və həm də yüksək məhsuldarlığı ilə diqqət çəkir.
Hücumçunun statistikasını təqdim edirik:
İngiltərə Premyer Liqası: 35 oyun – 36 qol, 8 məhsuldar ötürmə;
Çempionlar Liqası: 10 oyun – 12 qol, 1 məhsuldar ötürmə;
İngiltərə Kuboku: 3 oyun – 3 qol;
İngiltərə Liqa Kuboku: 2 oyun – 1 qol;
İngiltərə Super Kuboku: 1 oyun.