Premyer Liqada mövsümün ən yaxşıları bəlli oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün ən yaxşı oyunçusu məlum olub.

Arena.az xəbər verir ki, “Mançester Siti”nin mərkəz müdafiəçisi Ruben Dias geridə qalan mövsümün ən yaxşı futbolçusu elan edilib.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu bu adı qazanmaq üçün digər namizədlər – Kevin de Breyne, Bruno Fernandes, Cek Qriliş, Harri Keyn, Meyson Maunt, Məhəmməd Salah və Tomas Souçeki qabaqlayıb.

Ruben Dias ötən mövsüm Premyer Liqada 32 oyunda 1 qol vurub. O, İngiltərə Premyer Liqasında mövsümün ən yaxşısı seçilən dördüncü müdafiəçidir. Daha öncə Nemanya Vidiç (“Mançester Yunayted”), Vensan Kompani (“Mançester Siti”) və Vircil van Deyk (“Liverpul”) Premeyr Liqada mövsümün ən yaxşısı seçilmişdi. Dias İngiltərə çempionatında mövsümün futbolçusu seçilən ikinci portuqaliyalıdır. Daha öncə Kristiano Ronaldo “Mançester Yunayted”də çıxış edərkən 2006/07 və 2007/08 mövsümlərinin ən yaxşısı seçilmişdi.

Premyer Liqada 2019/20 mövsümünün də ən yaxşı futbolçusu “Mançester Siti”də çıxış edən Kevin de Breyne elan edilmişdi.

İngiltərədə 2020/21 mövsümünün ən yaxşı baş məşqçisi də bəlli olub. Mövsümün qalibi olan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ən yaxşı elan edilib. 50 yaşlı mütəxəssis bu yolda Marselo Byelsa, Devid Moyes, Brendan Rocers və Ole Gunnar Sulşeri geridə qoyub.