Premyer Liqada mövsümün ən yaxşısı adına namizəd 6 məşqçi

Futbol üzrə İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi olmağa namizədlərin siyahısı açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Geridə qoymaqda olduğumuz mövsümün ən yaxşı məşqçisi adına 6 namizəd göstərilib. Bunlar Mikel Arteta (“Arsenal”), Roberto De Zerbi (“Brayton”), Unai Emeri (“Aston Villa”), Xosep Qvardiola (“Mançester Siti”), Eddi Hau (“Nyukasl”) və Marko Silvadır (“Fulhem”).

Mövsümün ən yaxşı məşqçisi turnirin rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində müəyyənləşəcək. Səsvermə mayın 22-də yekunlaşacaq. Qalibin adı isə mayın 30-da elan ediləcək.

Ən yaxşı seçilməyə namizəd məşqçilərin bu mövsüm komandaları ilə qazandıqları nəticələr isə belədir:

Mikel Arteta (“Arsenal”): 36 oyun, 25 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət. Top fərqi – 83:42.

Roberto De Zerbi (“Brayton”): 28 oyun, 13 qələbə, 6 heç-heçə, 9 məğlubiyyət. Top fərqi – 55:40.

Unai Emeri (“Aston Villa”): 23 oyun, 14 qələbə, 3 heç-heçə, 6 məğlubiyyət. Top fərqi – 37:24.

Xosep Qvardiola (“Mançester Siti”): 35 oyun, 27 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət. Top fərqi – 92:31.

Eddi Hau (“Nyukasl”): 35 oyun, 18 qələbə, 12 heç-heçə, 5 məğlubiyyət. Top fərqi – 63:31.

Marko Silva (“Fulhem”): 36 oyun, 15 qələbə, 6 heç-heçə, 15 məğlubiyyət. Top fərqi – 52:49.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün sona çatmasına 3 tur qalıb. Bir neçə komandanın isə təxirə salınmış oyunu var. Bunlardan biri də lider “Mançester Siti”dir. Buna baxmayaraq, Qvardiolanın komandası 85 xalla liderdir. “Arsenal” 81 xalla ikinci sıradadırsa, “Nyukasl” 66 xalla üçüncüdür. “Brayton” 58 xalla 6-cı pillədədir. 8-ci olan “Aston Villa”nın 57 xalı var. “Fulhem” 51 xalla 10-cudur.