Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turunda qapılara 18 qol vurulub. Arena.az xəbər verir ki, “Neftçi” – “Kəpəz” (5:2) oyununda 7, “Zirə” – “Sabah” (1:3) və “Qəbələ” – “Şamaxı” (3:1) matçlarında 4, “Sumqayıt” – “Qarabağ” (0:2) görüşündə 2, “Səbail” – “Turan Tovuz” (0:1) qarşılaşmasında 1 qol qeydə alınıb. Turun orta məhsuldarlığı 3,60-a bərabərdir.
Bu, 2022-ci ilin rekordudur. Daha yüksək məhsuldarlığa sonuncu dəfə ötən mövsümün 10-ci turunda təsadüf olunub. Ötən il noyabrın 6-7-dəki dörd görüşdə 17 top vurulub. Orta məhsuldarlıq 4,25-ə bərabər olub.
Premyer Liqanın lideri “Sabah” startdakı hər iki oyunda 3 qol vurmağı bacarıb. Murad Musayevin baş məşqçisi olduğu komanda öncə “Sumqayıt”ı 3:0, ardınca “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.
Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub. Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda “Qəbələ” idi. “Qırmızı-qaralar” 2008/09 mövsümünün ilk iki görüşündə ən azı üç qola imza atıb. Ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb.
2-ci turda “Kəpəz”lə qarşılaşan “Neftçi” 5:2 hesabı ilə qalib gəlib. Ev oyununda beş qol vuran Bakı klubu ölkə çempionatlarında təxminən 10 ildən və ya 9 il 9 aydan sonra belə məhsuldarlıq nümayiş etdirib.
“Ağ-qaralar”ın bir matçda 5 və ya daha çox qola imza atmasına sonuncu dəfə 2012/13 mövsümündə təsadüf olunmuşdu. 3557 gün əvvəl – 2012-ci il noyabrın 17-də “Sumqayıt”ı qonaq edən “Neftçi” 8:1 hesabı ilə qalib gəlib. Həmin oyundan sonra paytaxt təmsilçisi bir qarşılaşmada 4-dən çox top vura bilməmişdi.
“Neftçi” Azərbaycan çempionatları tarixində 53-cü dəfə bir görüşdə 5 və ya daha çox qol vurub. Bu da ölkə rekordudur.
“Kəpəz” isə Azərbaycan çempionatlarında 40-cı dəfə böyük hesabla uduzub. Gəncə təmsilçisi “Neftçi” ilə səfərdəki 2:5 hesablı nəticəyə qədər 39 dəfə üç və ya daha çox top fərqilə uduzmuşdu. 40 böyükhesablı məğlubiyyətdən 11-i ev, 29-u səfər görüşlərində qeydə alınıb.
“Qəbələ”nin yubiley qolu
“Qəbələ” isə tarixində 800-cü qolu vurub. “Şamaxı” ilə ev oyununda hesabı açan Rövlan Muradov yubiley qolunun müəllifi olub.
“Qırmızı-qaralar” klubun yarandığı 2005-ci ildən Qəbələ şəhər stadionundakı matçadək 799 dəfə fərqlənmişdi. Şamaxının eyniadlı klubuna 3:1 hesabı ilə qalib gələn komanda qollarının ümumi sayını 802-yə çatdırıb.
“Qəbələ”nin 800-cü qolu 614-cü rəsmi matça təsadüf edib. Komandamın vurduğu 802 topdan 448-i evdə, 352-si səfərdə, 2-si neytral meydanda qeydə alınıb.
“Qırmızı-qaralar” Premyer Liqada 571, ölkə kubokunda 120, birinci dəstədə 72, avrokuboklarda 39 dəfə rəqib qapısına yol tapıb.
Xatırladaq ki, klub tarixində ilk qol 2005-ci il sentyabrın 21-də vurulub. Birinci dəstənin “Şərur”la ev matçının 23-cü dəqiqəsində rəqib oyunçu İlqar İbrahimov avtoqol müəllifi olub.