Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL), Premyer Liqanın 11-cisi “Qəbələ”nin və Birinci Liqanın son turunda 2-ci yeri tutmağı bacarmış “Mingəçevir”in nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Qəbələ” idman direktoru Səbuhi Səfiyarlı, “Mingəçevir” isə İdarə Heyətinin sədr müavini Ruslan Həmidov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qəbələ” nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında görüş keçirilib. Görüşdə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov pley-off oyunu ilə bağlı ilkin təşkilati məsələlər, pley-off oyununun qaydaları, nəzərə alınacaq digər məqamlarla bağlı ətraflı məlumat verib, klub rəsmilərinin oyunla bağlı planları dinlənilib.
PFL-in qərarına əsasən, Premyer Liqa uğrunda pley-off oyunu mayın 28-də “Sumqayıt Arena”da keçiriləcək. Həlledici görüşə saat 18:30-da start veriləcək. Bu oyunda VAR sistemi tətbiq ediləcək. Qalib gələcək Premyer Liqaya yüksələcəksə, məğlub tərəf Birinci Liqada çıxış etmək məcburiyyətində qalacaq.



