Ümummilli lider Heydər Əliyevin 101-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatası keçirilib.
Arena.az xəbər verir ki, beynəlxalq turnirə tarixi torpağımız Suqovuşanda start verilib.
Mayın 1-də Suqovuşanda əvvəlcə reqatanın rəsmi açılış hissəsi baş tutub. Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov tədbir iştirakçılarını salamlayaraq yarışda 20-dən çox ölkədən 30 komandanın iştirakını rekord nəticə adlandırıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev turnirin reqlamenti barədə məlumat verib və idmançılara uğur arzulayıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında 44 günlük Vətən müharibəsindən sonra Suqovuşanın beynəlxalq yarışlara ev sahibliyi etməsinin ənənəvi hala çevrildiyini bildirib. O, yığma komandamızın üzvü Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasını böyük idman hadisəsi kimi qiymətləndirib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə beynəlxalq reqatanı açıq elan edib.
Rəsmi hissənin ardınca tamaşaçılar Suqovuşan su anbarında komandaların ölkə bayraqları ilə nümunəvi keçidlərini izləyiblər. Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra yarışlara start verilib. Suqovuşan su anbarında 200 metr məsafədə kayak və kanoe üzrə yürüşlər keçirilib. Azərbaycan komandası ilk medalını da Suqovuşanda qazanıb. 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışlarda Amil Ramazanov bürünc medal qazanıb.
İkinci gündə 3 medal
Beynəlxalq reqata mayın 2-3-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edib. Komandalar 500, 1000 və 1500 metr məsafəyə kayak, kanoe və akademik avarçəkmə növündə mübarizə aparıblar.
Milli komandamız günü üç medalla başa vuraraq daha bir uğura imza atıb. Təmsilçilərimizdən Əlimurad Hacızadə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində birnəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yarışlarda bütün rəqiblərini geridə qoyaraq Azərbaycan komandasına ilk qızıl medalı qazandırıb.
Akademik avarçəkmə növündə 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində isə 1500 metr məsafəyə yarışda təmsilçimiz Nurlan Paşayev yarışı ikinci tamamlayaraq gümüş medala layiq görülüb.
Günün son medalını isə komandamıza Vacib Babayev və Qiyas Əhmədov cütlüyü qazandırıb. Təmsilçilərimiz akademik avarçəkmə üzrə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 500 metr məsafəyə yürüşdə finiş xəttini üçüncü tamamlayaraq bürünc medal əldə ediblər.
Son gündə 5 medal
“Prezident Kuboku-2024” beynəlxalq reqatasına ötən gün yekun vurulub. Yarışların üçüncü və sonuncu günündə Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idmançılar 200, 1000, 1500 metr məsafələrdə kayak-kanoe və akademik avarçəkmə növdə mübarizə aparıblar.
Yarışın son gününü idmançılarımız 2-si gümüş, 3-ü bürünc olmaqla 5 medalla başa vurublar.
Təmsilçilərimiz Qiyas Əhmədov və Vacib Babayev 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə kayak yarışında gümüş medal qazanıblar.
Niyaz Məlikov və Emil Zeynalov isə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 1000 metr məsafəyə kayak yarışında ikinci yerə çıxıblar.
2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində İbrahim Məmmədzadə və Sərhad Fərhadzadə 200 metr məsafəyə kayak yarışında bürünc medal qazanıblar.
Nurlan Paşayev və Fariz Babayev 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində 1500 metr məsafəyə akademik avarçəkmə növündə üçüncü yerə çıxıblar.
Məhəmməd Həsənov və Raul Şamilov 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində 1000 metr məsafəyə akademik avarçəkmə növü üzrə bürünc medal qazanıb.
Ötən gün “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi baş tutub. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılıb, kuboklar sahiblərinə təqdim edilib. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edib. Müxtəlif rəqs nümunələri nümayiş etdirilib. Bağlanış mərasimində həmçinin, tamaşaçılar son illərin ən populyar və sevilən ifaçılarından Hissin solo ifasını dinləyib. Reqataya atəşfəşanlıqla yekun vurulub. Bağlanış mərasimi Mingəçevirlilər tərəfindən də coşqu ilə qarşılanıb.