Prezident oğlu Timoti Vea rəsmən “Yuventus”da!

Fransanın “Lill” klubunun və ABŞ milli komandasının yarımmüdafiəçisi Timoti Vea İtaliya nəhəngi “Yuventus”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

23 yaşlı sağ cinah vingeri ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzlanıb. İtaliya klubu bu transferə görə “Lill”ə 10,3 milyon avro təzminat ödəyəcək. Bu məbləğ 2 il ərzində köçürüləcək. Mümkün bonus ödənişlərinin məbləği isə 2,1 milyon avro təşkil edir. Futbolçu yeni komandasında 22 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Timoti Vea “Lill”ə 2019-cu ilin iyul ayında PSJ-dən 10 milyon avro qarşılığında transfer olunmuşdu. O, bu komandanın heyətində meydana çıxdığı 107 oyunda 8 qol və 8 assistlə yadda qalıb. Vea daha öncə PSJ-də (6 oyun, 2 qol) və “Seltik”də (17 oyun, 4 qol, 1 assist) də forma geyinib. O, ABŞ milli komandasında meydana çıxdığı 29 oyunda 4 qol vurub.

Onu da qeyd edək ki, Timoti Vea İtaliyanın “Milan” klubunun keçmiş futbolçusu, hazırda Liberiyanın prezidenti olan Corc Veanın oğludur.

“Lill” sol cinah yarımmüdafiəçisi Conatan Bamba ilə də yollarını ayırıb. 27 yaşlı vingerlə müddəti bitən müqavilə yenilənməyib.

Conatan Bamba 2018-ci ilin iyul ayından “Lill”in uğurları üçün çalışırdı. O, Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 200 oyunda 29 qol və 35 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi daha öncə “Sent Etyen”, “Anje”, “Paris” və “Sent-Trüden” klublarında da forma geyinib. Fransada dünyaya göz açan, bu ölkənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu sonradan Fil Dişi Sahili millisini seçsə də, bu komandada da cəmi 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: