Prezident və xanımı Hidayət Heydərova zəng ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

Arena.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

Dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.

Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib. O, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. Hidayət yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.

Yeri gəlmişkən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!”.