Prezident və xanımı Zelim Kotsoyevə zəng ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Olimpiya çempionu adını qazanan cüdoçu Zelim Kotsoyevə zəng ediblər.

Arena.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XXXIII Yay Olimpiya Oyunlarında (Paris-2024) Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.

Prezident İlham Əliyev və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.

Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Yeri gəlmişkən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Cüdoçu Zelim Kotsoyev Paris Yay Olimpiya Oyunlarında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! İdmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”

Xatırladaq ki, Paris-2024-də mübarizəyə bu gün qoşulan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olub. Ondan öncə cüdo yığmamızın digər üzvü Hidayət Heydərov da oxşar uğura imza atmışdı. Prezident və xanımı onu da bu uğuru münasibətilə şəxsən təbrik etmişdilər.