Prosineçki: “Azərbaycandakı 3 il ərzində heç bir irəliləyiş görmədim”

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.

Arena.az xəbər verir ki, Xorvatiyadan olan 54 yaşlı mütəxəssis məşqçilik fəaliyyətindən bəhs edərkən Azərbaycanda çalışdığı dönəmi də xatırlayıb:

“Heç vaxt məşqçi olacağımı düşünməmişdim. Ağlıma da gəlməzdi ki, 30 nəfərə, 100 nəfərə rəhbərlik edəcəm. Slaven Biliçin qərargahında bu ehtiras başladı. O, əvvəlcə mənə zəng etdi, istəmədiyimi dedim. Sonra yanıma gəldi, axşam birlikdə konsertə getdik, bütün gecəni orada keçirdik və ertəsi gün razılaşdım. Hər şey çox yaxşı görünürdü.

Millidən ayrılıb “Srvena Zvezda”ya yollanmağım tamamilə təsadüfən alındı. Oraya sadəcə, kurs üçün getmişdim. Çünki məşqçilik lisenziyam yox idi. Belqradda olanda “Srvena Zvezda”dakı köhnə dostlarıma da baş çəkdim. Köhnə komanda yoldaşlarımdan bəziləri klub rəhbərliyində idi. Orada nə vaxtsa məşqçi kimi gəlib-gəlməyəcəyimlə bağlı söhbət oldu. Onlara dedim: “Nə məşqçi? Mən təzə başlamışam, heç lisenziyam da yoxdur”. Amma yenə də məni məşqçi kimi dəvət edəcəklərini dedilər. Mən “Srvena Zvezda”nı çalışdıranda vəziyyətləri çox çətin idi. Böyük klub, amma pul yox! Bəlkə də yaxşı olsaydı, heç mənə zəng etməzdilər. Çətin iki il keçirdim. Altı ay maaş almadıq.

Daha sonra Türkiyəyə üz tutdum. Öncədən Kayserinin harada olduğu haqda heç bir fikrim yox idi. 7-8 turdan sonra sonuncu pillələrdə idilər və mənə zəng etdilər. İlk iki oyunu uduzduq, sonra beş ay məğlubiyyətsiz qaldıq. Əla komandamız var idi və beşinci yeri tutduq. “Beşiktaş” o zaman məni sükanı arxasında görmək istəsə də, söz verdim ki, qalacağam və sözümdən qaça bilmədim. Amma üç ən yaxşı oyunçu getdi. Mən boş vədlərə qulaq asdım ki, kimisə gətirəcəklər. Sonra heç nə olmadı və mən getdim.

“Azərbaycanda üç il işləmək maraqlı təcrübə idi”

Azərbaycanda üç il məşqçi kimi işləmək maraqlı təcrübə idi. Sələflərimdən fərqli olaraq, ailəmi də özümlə aparmışdım. Halbuki, əvvəlki məşqçilər oyundan cəmi iki həftə əvvəl gəlirdilər, matçlar olanda orada yaşayırdılar. Norveçi məğlub etdik, Çexiyaya, Xorvatiyaya uduzmadıq, yaxşı oynadıq. Amma üç ildən sonra gördüm ki, heç bir irəliləyiş yoxdur”.

Xatırladaq ki, Robert Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan yığmasına rəhbərlik edib. Millimiz bu mütəxəssisin rəhbərliyi altında 23 oyun keçirib, 6 qələbə, 6 heç-heçə və 11 məğlubiyyət görüb. O, yığmamızdan ayrıldıqdan sonra Bosniya və Herseqovina millisinə, Türkiyənin “Kayserispor” və “Dənizlispor”, Sloveniyanın “Olimpiya” (Lyublyana) komandalarına da rəhbərlik edib.