PSJ 14-cü dəfə Fransa Super Kubokunu qazandı!

PSJ bu gün Küveytdə təşkil edilmiş oyunda Marsel “Olimpik”ini məğlub edərək futbol üzrə Fransa Super Kubokunu qazanıb.

Arena.az xəbər verir ki, super kubok görüşü Küveytin “Jaber Əl-Əhməd” stadionunda baş tutub.

Qarşılaşmasının əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Matçda hesabı 13-cü dəqiqədə Paris klubunun hücumçusu Usman Dembele açıb. 76-cı dəqiqədə Marsel “Olimpik”inin oyunçusu Meyson Qrinvud penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Oyunun sonlarında gərginlik pik həddə çatıb. 87-ci dəqiqədə PSJ-nin müdafiəçisi Vilyam Paço topu öz qapısına göndərərək rəqibi hesabda irəli çıxarıb. Lakin parislilər təslim olmayıblar və 90+5-ci dəqiqədə Qonsalo Ramos komandasını məğlubiyyətdən xilas edən qola imza atıb – 2:2.

Qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş PSJ 4:1 hesabı ilə qələbə qazanıb. Paris təmsilçisinin qapıçısı Luka Şevalye ardıcıl iki zərbəni qaytararaq qələbənin memarı olub.

Xatırladaq ki, PSJ Super Kubok matçına həm çempionatın, həm də Fransa Kubokunun qalibi kimi, Marsel “Olimpik”i isə ötən mövsüm Liqa 1-in ikincisi kimi qatılıb.

Paris nəhəngi ardıcıl dördüncü ildir ki, Fransa Super Kubokuna sahib çıxır. Sözügedən komanda bu turnirdə sonuncu dəfə 2021-ci ildə “Lill”ə (0:1) məğlub olmuşdu. Fransa Super Kubokunda rekord da məhz parislilərə məxsusdur – 14 dəfə!

Xəbəri sosial şəbəkələrdə paylaş: