PSJ Çempionlar Liqasında ilkə imza atdı

Artıq məlum olduğu kimi, Fransa nəhəngi PSJ UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün finalına vəsiqəsini təmin edib.

Arena.az məlumat verir ki, yarışın yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “topçular”ı Londonda 1:0 hesabı ilə məğlub edə bilmiş Fransa nəhəngi, Parisdəki cavab oyununda 2:1 hesablı qələbə sayəsində mötəbər yarışın finalına adlayıb.

Beləliklə PSJ XXI əsrdə Fransa klublarının UEFA Çempionlar Liqasında rekordunu müəyyənləşdirib. Paris təmsilçisi yeni əsrdə mötəbər yarışın finalına ikinci dəfə yüksəlməyi bacarmış ilk Fransa klubu olub. Daha əvvəl PSJ 2020-ci ildə finala çıxmış və həlledici oyunda Almaniya nəhəngi “Bayern”ə məğlub olmuşdu – 0:1.

Maraqlıdır ki, PSJ həm də, Çempionlar Kubokunun, 1992/1993-ci illər mövsümdə Çempionlar Liqası adı ilə təsis edilməsindən sonra mötəbər yarışın finallarına iki dəfə vəsiqə qazana bilmiş ilk Fransa klubudur.

Paris klubuna qədər Marsel “Olimpik”i, yarışın ilk dəfə Çempionlar Liqası olaraq adlandırıldığı 1992/1993-cü illər mövsümündə fianala yüksəlmiş və həlledici oyunda “Milan”ı məğlub etmişdi – 1:0. Buna qədər “Olimpik” 1990/1991-ci illər mövsümündə Çempionlar Kubokunun finalına çıxmış, həlledici oyunda “Srvena Zvezda”ya penaltilər silsiləsində məğlub olmuşdu – 3:5 (əsas və əlavə vaxt 0:0). Marsel “Olimpik”i Çempionlar Liqasını qazanmış yeganə Fransa klubudur.

Həmçinin “Reyms” iki dəfə Çempionlar Kubokunun finalına yüksəlib (1956 – yarışın tarixi ilk mövsümü, 1959) və hər iki oyunda “Real”a müvafiq olaraq 3:4 və 0:2 hesabları ilə məğlub olub.

Fransa təmsilçisi, Knyazlıq klubu “Monako” isə 2004-cü ildə final oyununda Portuqaliya nəhəngi “Portu”ya məğlub olub – 0:3.

Həmçinin “Sent Etyen” 1976-cı ildə həlledici oyunu Almaniya nəhəngi “Bayern”ə uduzub – 0:1.

Göründüyü kimi, finala yüksəlmiş PSJ həlledici oyunda İtaliya nəhəngi “İnter”i məğlub etməyə çalışacaq. Çempionlar Liqasının cari mövsümünün “İnter” – PSJ finalı mayın 31-də Münhenin “Alyans Arena” stadionunda baş tutacaq.