PSJ-də “Call of Duty” ilə vaxt keçirən kimdir?

2024-cü il Avstraliya açıq çempionatının qalibi, dünyanın 3-cü raket ustası, italiyalı tennisçi Yannik Sinner PSJ-dəki dostu haqda danışıb.

Arena.az “Eurosport” dərgisinin “Tennis Channel”in efirinə istinadı əsasında məlumat verir ki, Sinner PSJ-nin qapıçısı, həmyerlisi Canluici Donnarumma ilə dostluq münasibəti saxladığını etiraf edib:

“Biz Donnarumma ilə çox yaxşı dostuq, bəzən birlikdə “Call of Duty” (kompüter oyunu) oynayırıq. İndi bunu azacıq daha az edirik, amma yenə də həmişə əlaqə saxlayırıq. O, çox yaxşı insandır”, deyə Sinner bldirib.

Xatırladaq ki, Sinner martın 20-də ABŞ-da ikən, orada İtaliya yığma futbol komandasının məşqini ziyarət edib. “Skuadra adzurra” ABŞ-da Venesuela və Ekvador yığmaları ilə yoldaşlıq oyunları keçirib.

Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. İtalyan qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Donnarumma parislilərin hetyətində bütün yarışlarda 34 oyuna çıxıb, 29 qol “yeyib”, 15 oyundan “quru” qurtulub. Canluicinin PSJ-də çıxışının ümumi mənzərəsi isə belədir: 106 oyun, 104 buraxılmış qol, 38 “quru” oyun.

Futbol uğurlarına gəlincə, Donnrumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.

Donnarumma 2016-cı ilin sentyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 61 oyun keçirib, 49 qol yeyib, 27 oyunda qapısının toxunulmazlığını təmin edib. Canluici “skuadra adzrra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş 2020-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.