PSJ-də Marko Verratti şoku – Son oyunları buraxacaq

Futbol üzrə Fransa çempionatında (Liqa 1) çempionluq uğrunda mübarizə aparan PSJ-nin yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb. Arena.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.

İtaliyadan olan futbolçunun sol dizindən aldığı zədə səbəbindən bir müddət komandasına kömək edə bilməyəcəyi diqqətə çatdırılıb. Amma 30 yaşlı futbolçunun dəqiq bərpa müddəti açıqlanmır. Fransa mətbuatı isə Verratti üçün cari mövsümün başa çatdığını iddia edir. Bir sözlə, Verratti mövsümün qalan oyunlarında PSJ-yə kömək edə bilməyəcək.

Xatırladaq ki, PSJ Liqa 1-də sona üç tur qalmış 81 xalla vahid liderdir. Parisliləri mövsümün qalan hissəsində “Oser” və “Strasburq”la səfər, “Klermon”la ev oyunu gözləyir. Liderə 2022/2023 mövsümünün çempionu olmaq üçün cəmi bir qələbə lazımdır.

Marko Verratti 2012-ci ilin iyul ayında İtaliyanın “Peskara” klubundan 12 milyon avro qarşılığında PSJ-yə gəlib. O, bu müddət ərzində Fransa klubunun heyətində 413 matça çıxıb. İtaliya yığmasının üzvü bu oyunlarda 11 qol vurub, 61 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə oynadığı “Peskara”da da 78 oyuna 2 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Marko İtaliya milli komandasında keçirdiyi 53 oyunda 3 qola imza atıb.