PSJ fanatları prezidentin stadionla bağlı qərarından narazıdırlar

PSJ-nin bir dəstə fəal azarkeşi klub prezidenti Nasser Əl-Xelaifinin klub stadionu ilə bağlı tutduğu mövqedən kəskin surətdə narazıdırlar.

Arena.az xəbər verir ki, bu barədə Fransanın “RMC Sport” dərgisinə məlumat yayıb.

Azarkeşlər Əl-Xelaifinin Fransa nəhənginin doğma stadionu “Park de Prensi” tərk etmək niyyətində olması ilə bağlı bəyanatından narazılıq ifadə ediblər. Mənbənin məlumatına görə, qətərli idarəçinin bu bəyanatı müxtəlif maraqlı tərəflərlə daimi təmasda olan və üstün hesab etdikləri bu həssas məsələdə irəliləyişi yaxından izləyən “Collectif Ultras Paris”də “böyük narahatlıq” yaradıb. Onların klubunun tarixi stadionunu tərk edib başqa yerə köçməsinə icazə vermək niyyəti yoxdur.

Xatırladaq ki, PSJ bundan əvvəl Fransa yığmasının doğma meydanı olan “Stad de Frans”ı almaq üçün müraciət edib. Lakin klub bu fikri həyata keçirməyib. 1998-ci ilə qədər “Park de Prens” “xoruzlar”ın evi olub. 1998-ci il Dünya Kuboku üçün Paris ətrafındakı Sen-Denidə “Stad de Frans”ın inşasından sonra Fransa yığması ev oyunlarını məhz bu yeni stadionda keçirir.