Fransa çempionu PSJ iki futbolçusu ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, Paris təmsilçisi qapıçısı Aleksandr Letelye və müdafiəçisi Kolin Daqba ilə yeni müqavilə bağlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Leteyle ilə 2, Daqbayla 3 illik yeni sözləşmə imzalanıb.
Aleksandr Letelye 2020-ci ilin sentyabrından PSJ-də çıxış edir. O, Paris təmsilçisinin öz yetirməsi olsa da, bu klubun əvəzedici komandasında oynadıqdan sonra “Anje”yə transfer olunub. Qolkiper PSJ-yə qayıdana qədər “Yanq Boyz”, “Trua”, “Sarpsborq”, “Orlean” klublarının da uğurları üçün çalışıb. 31 yaşlı qolkiper son üç mövsümdə Paris təmsilçisində cəmi 1 rəsmi matça çıxıb.
Kolin Daqba isə “Bulon” klubunun yetirməsidir. 23 yaşlı sağ cinah müdafiəçisi peşəkar karyerasına da sözügedən komandada başlayıb. 2016-cı ildə isə futbolçu PSJ-yə cəlb olunub. Əvvəllər klubun B komandasında çıxış edən müdafiəçi, əsas komandada 2018-ci ildə debüt edib. O, Paris təmsilçisinin heyətində bütövlükdə 77 matça çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Gənc futbolçu burada 3 dəfə Fransa çempionu olub, 2 dəfə Fransa Kubokunun qalibi adını qazanıb.
PSJ Daqba ilə yeni müqavilə bağladıqdan sonra onu “Strasburq”a icarəyə verib. O, 2022/23 mövsümünün sonuna qədər Liqa 1 klubunda çıxış edəcək.



