PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe böyük ehtimalla yayda azad agent qismində “Real”ın düşərgəsinə keçəcək.
Arena.az “The Athletic” nəşrinə istinadən məlumat verir ki, Paris klubunun rəhbərliyi ilə yaxşı münasibətdə qalmaq istəyən Mbappe artıq 80 milyon avroluq sadiqlik üstəliyindən imtina etsə də, Fransa nəhəngi ondan əlavə məbləğ tələb edir.
Mənbənin məlumatına görə, Fransa çempionu Mbappedən “Real”ın ona azad agent qismində müqavilə imzaladığı üçün təklif etdiyi üstəliyin bir hissəsini almaq istəyir.
Kilian Mbappenin belə bir əcaib istəyə mümkün qarşılığı bildirmir. Bununla belə, klub hələ də Mbappedən onun gedişinə təzminat verməsini istəyir və yəqin ki, 80 milyon avro məbləği yetərli sayılmır.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 38 qol vurub, 8 məhsuldar ötürmə verib.
Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 297 oyun, 250 qol, 106 məhsuldar ötürmə.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 76 oyun keçirib, 46 qol vurub və 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.