Fransanın PSJ klubu hücumçusu Neymarla müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir. Fransa mətbuatının yazdığına görə, Braziliya millisinin lideri bundan sonra ilinə 30 milyon avro qazanacaq.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avroya İspaniyanın “Barselona” klubundan transfer olunmuşdu. Onun yenidən sabiq komandasına qayıdışı gündəmdə olsa da, bu yeni müqavilə həmin xəbərlər də özünü doğrultmamış oldu.
Braziliyalı futbolçu dünya futbolu tarixinin ən bahalı transferi ünvanına sahibdir.
Braziliyanın “Santos” klubunun yetirməsi olan, 2009-2013-cü illər aralığında məhz bu komandanın uğurları üçün çalışan Neymar, 2013-cü ildə “Barselona”ya transfer olunub. O, Kataloniya təmsilçisində də dörd mövsüm keçirib. Ulduz futbolçu Braziliya yığmasında 100-dən çox oyuna çıxıb. Paris təmsilçisində isə indiyə qədər 112 oyun keçirmiş hücumçu, 85 qola imza atıb.


