PSJ-nin ispan qapıçısı, ötən ilin mayında zədələnərək beyninə qan sızmış, koma yaşamış Serxio Riko komandanın məşqlərinə qayıdacaq.
Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, ispan qapıçı sağlamlığını bərpa edib. O, yaxın bir neçə gün ərzində yekun tibbi müayinədən sonra komandaya qayıtmağı planlaşdırır.
Xatırladaq ki, ötən ilin may ayında ispan qapıçı atından yıxılmışdı. Atın təpik atması nəticəsində Serxionun başına atın dırnağı dəymiş, nəticədə beyninə qan sızmış qapıçı kəllə-beyin zədəsi almışdı. Sonra, yayın əvvəlində Serxio müalicə məqsədilə süni komaya salınmış və sonradan bu vəziyyətdən çıxarılmışdı. Xəstəxanada qaldığı müddətdə ispan qapıçı 20 kq-dan çox arıqlayıb. Buna rəğmən, indi 30 yaşlı Serxionun həyatı təhlükədə deyil və qapıçı tədricən adi həyata qayıdır.
Serxio Riko “Sevilya”nın yetirməsidir. Qapıçı 2019-cu ildə icarə əsasında PSJ keçib, növbəti ildə tamhüququlu əsasla bu komandaya transfer edilib. O, 2022-ci ilin yanvarında icarə əsasında “Malyorka”ya yollanıb, yarım mövsümlük icarədən sonra Paris klubuna qayıdıb. Qolkiperin PSJ ilə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.
Qapıçı cari mövsümü yaşıl meydanlardan kənarda keçirib. O, PSJ-də cəmi 24 oyuna çıxıb, 16 qol buraxıb, 14 oyunda qapısının toxunulmazlığını qoruya bilib. Riko “Sevilya” və “Malyorka”dan başqa, İngiltərədə “Fulhem”in də uğurları üçün çalışıb.
29 yaşlı qolkiper İspaniya yığmasının heyətində 1 oyunda meydana çıxıb.
“Transfermarkt” internet-portalı Serxio Rikonu 2 milyon avro məbləğində qiymətləndirir.