PSJ-nin prezidenti öz Super Liqasını yaratmaq istəyirmiş

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi 2020-ci ildə Avropa Super Liqasına çox oxşar bir yarış təsis etmək üçün plan hazırlayıbmış.

Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə Əl-Xelaifi bu işdə tək olmayıb və “Yuventus”un prezidenti vəzifəsində çalışan Andrea Anyelli ilə əlbir olub.

Əl-Xelaifi və Anyelli Super Liqa haqda fikir ayrılığına düşüb mübahisə etməmişdən əvvəl, onlar atom bombasının hazırlanmasına verdiyi töhfələrlə tanınmış, görkəmli Danimarka fiziki Nils Borun adını daşıyan “Bor” adlı layihə üzərində əməkdaşlıq ediblər. Bildirilir ki, funksionerlər koronavirus epidemiyasının qızğın vaxtında Parisdə görüşüblər. Həmin görüşün məqsədi yeni yarışın təşkilini təşviq etmək və hətta PSJ-nin hazırkı Super Liqa layihəsinə qəti şəkildə qarşı çıxdığı müvafiq yerli liqaları tərk etmək ssenarisini hazırlamaq olub.

Vurğulanır ki, onlar yeni yarışın hazırlanmasını Böyük Britaniyanın “O&O” şirkətinə həvalə ediblər. Əl-Xelaifi yarışın təsisində iqtisadi tərəfə, Anyelli isə idarəetməyə cavabdeh olub.