Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Arena.az xəbər verir ki, qarşılaşmalardan biri İtaliyada, digəri Fransada gerçəkləşib.
İtaliyada yerli “Latsio” komandası Almaniya nəhəngi “Bayern”i qəbul edib. Münhen təmsilçisi səfər matçından məğlubiyyətlə ayrılıb. Amma “Bayern”in doğma meydanda bu məğlubiyyətin əvəzini çıxmaq şansı böyükdür.
Fransa çempionu PSJ isə doğma azarkeşləri önündə İspaniya təmsilçisi “Real Sosyedad”ı sınağa çəkib. İnamlı qələbəyə sevinən Paris təmsilçisi 1/4 finala yaxınlaşıb. Fransa klubuna səfər oyununda heç-heçə də bəs edəcək.
Bu cütlərdə cavab matçları martın 5-də reallaşacaq.
Xatırladaq ki, bir gün öncə “Mançester Siti” (İngiltərə) Danimarkada “Kopenhagen”ə 3:1, “Real” (İspaniya) isə Almaniyada “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlmişdi.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin qalan ilk oyunları 20 və 21 fevralda keçiriləcək. Bu mərhələyə mart ayında keçiriləcək cavab qarşılaşmaları ilə yekun vurulacaq.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
14 fevral
“Latsio” (İtaliya) – “Bayern” (Almaniya) 1:0
Qol: İmmobile, 69-pen.
Baş hakim: Fransua Leteksye (Fransa).
Roma, “Stadio Olimpiko”.
PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya) 2:0
Qollar: Mbappe, 58. Barkola, 71.
Baş hakim: Marko Quida (İtaliya).
Paris, “Park de Prens”.


