PSJ Liqa 1-in 2022/2023 mövsümünün sonuncu – 38-ci turunda qarşılaşdığı “Klermon”la oyundan məğlubiyyətlə ayrılıb.
Arena.az xəbər verir ki, Paris təmsilçisi “Park de Prens”də çempion qismində üz-üzə gəldiyi “Klermon”la oyunda 2:0 öndə olmasına baxmayaraq, yekunda məğlubiyyətə üzülüb – 2:3.
Bu isə komandanın azarkeşləri tərəfindən narazılıqla qarşılanıb. Narazı və küskün parisli fanatların əsas hədəfi isə komandanın argentinalı ulduz hücumçusu Lionel Messi olub.
Hələ oyun ərəfəsində Messi tribunalar tərəfindən fitə basılmışdı. Amma oyunun gedişində də onu azarkeşlərin fit sədaları müşayiət edib. Rəqibin oyunda dönüş yaratması ilə atgentinalı ulduzun ünvanına yönəlmiş bu fit sədaları daha da şiddətlənib. Buna rəğmən komandanın baş məşqçisi Kristof Qaltye ulduz hücumçunu oyunun sonuna qədər meydanda saxlamaqla ona etimad göstərib.
Xoşagəlməz olayın davamı PSJ-nin mükafatlandırma mərasimində müşahidə edilib. Bu dəfə azarkeşlər nəinki Messini, həmçinin komandanın baş məşqçisi Kristof Qaltyeni fitə tutublar. Bu hadisədən sonra Messi və Qaltye komanda ilə şərəf dövrəsi vurmaq əvəzinə tribunalaraltı otağa yollanıblar. Onlara komandanın braziliyalı ulduzu Neymar da sakitcə qoşularaq yeraltına yollanıb.
Baş məşqçi Qaltye xoşagəlməz təzahürə fikir bildirib:
“Azarkeşlərin Messi ilə müvafiq rəftarını başa düşmürəm. O, özünü böyük peşəkar kimi aparıb. O, futbol tarixinin ən böyük oyunçusudur. Onun hələ, dünya çempionatında da çıxış etdiyini nəzərə alsaq, oynadığı mövsümlə bağlı maraqlı statistikası var. Baş verənləri sürreal hal hesab edirəm”.
Xatırladaq ki, Liqa 1-in sonuncu turu ərəfəsində Messinin PSJ ilə yollarını ayıracağı artıq məlum idi.
Cari mövsümdə Messi 41 oyunda parislilərin heyətində meydana çıxaraq 21 qola və 20 məhsuldar ötürməyə imza atıb, komandası ilə Fransa çempionluğunu qazanıb.
Aregentinalı ulduz uğrunda Səudiyyə Ərəbisatanı, İngiltərə Premyer Liqası, MLS-dən olan klublar mübarizəyə girişiblər. Bununla yanaşı, argentinalı ulduzun keçmiş klubu “Barselona” maddi imkanlarının məhdudluğuna rəğmən, Messini heyətinə qatmaq uğrunda əlindən gələni edir. Futbolçunun özü də Kataloniya klubuna qayıtmaq istəyindədir.