Marsel “Olimpik”inin qabonlu hücumçusu Pyer-Emerik Obameyanq Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.
Veteran hücumçu “Olimpik”in yarımfinala yüksəlməsində böyük xidmət göstərib. Obameyanq Avropa Liqasının 13 oyununda iştirak edib, əsas heyətdə meydana çıxdığı 11 oyunda isə 10 qol vurub, o cümlədən yarışın qrup mərhələsinin 5-ci turunda Niderland nəhəngi “Ayaks”ın qapısından 3 qol keçirib. Qabonlu hücumçunun hesabında 3 məhsudlar ötürmə də var.
Obameyanq 10 qolla Avropa Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast futbolçusu, həmçinin qollar və məhsuldar ötürmələrin cəmi üzrə (10+3) 13 xalla ən səmərəli futbolçusu olub.
Hazırda Obameyanq Avropa Liqasının tarixən ən sərrast futbolçusudur. Qabonlu hücumçu yarış çərçivəsində 62 oyuna 34 qolla fərqlənib ki, bu da orta məhsuldarlığın 0,55 qola bərabər olması deməkdir.
Xatırladaq ki, Obameyanq Avropa Liqasında ilk qolunu 2009-cu ildə vurub. Veteran hücumçu bu qollarını Dortmund “Borussiya”sı (10 oyun, 8 qol), “Arsenal” (26 oyun, 14 qol), “Barselona” (6 oyun, 2 qol) və Marsel “Olimpik”inin (13 oyun, 10 qol) heyətində sıralayıb. “Lill”in heyətində müvafiq yarışda çıxış etsə də (7 oyun), Obameyanq qolla fərqlənə bilməyib.
Pyer-Emerik Obameyanq “Milan” futbol akademiyasının yetirməsidir. Qabonlu hücumçu karyerası ərzində “Dijon”, “Lill”, “Monako”, “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi”də çıxış edib.
Obameyanq Marsel “Olimpik”inə 2023-cü ilin iyulunda azad agent qismində “Çelsi”dən keçib. Qabonlu hücumçunun Fransa nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Obameyanq Marsel klubunun heyətində 51 oyuna çıxıb, 30 qol vurub, 11 məhsuldar ötürmə verib.
Pyer-Emerik 2009-cu ilin martında debüt etdiyi Qabon yığmasının heyətində 74 oyuna 30 qol vurub, 10 məhsuldar ötürmə verib. Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan öz vətəni Qabonun xeyrinə seçim edib.
“Transfermarkt” internet-portalı 34 yaşlı qabonlu veteran mərkəz hücumçusunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.