İtaliyanın “Yuventus” klubu heyətini iki yeni futbolçu – müdafiəçi Pyer Kalulu və yarımmüdafiəçi Xristos Papadopulos ilə gücləndirib.
Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən xəbər verir.
“Yuventus” hər iki oyunçunu cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Kalulu “qoca sinyora”ya “Milan”dan, Papadopulos isə “Cenoa”dan keçib. Turinlilər Kalulunun bir mövsümlük icarəsi üçün 3,3 milyon avro ödəyiblər.
Pyer Kalulu Lion “Olimpik”inin yetirməsidir. Konqoəsilli fransalı futbolçu “Milan”a 2020-ci ilin sentyabr ayında 1,39 milyon avro müqabilində Fransa klubundan keçmişdi. 24 yaşlı müdafiəçi “Milan”ın əsas komandasında 112 oyuna çıxıb, 3 qol və 3 assistlə yadda qalıb. Fransanın U-20, U-21, U-23 və Olimpiya yığmalarında oynamış Kaluluya əsas millidə debüt qismət olmayıb.
Xristos Papadopulos isə “Falaniakos”un yetirməsidir. 2022-ci ilin “Cenoa”da çıxış edən hücumameyilli yarımmüdafiəçi İtaliya klubunun əsas komandasında cəmi 1 oyun keçirib. 19 yaşlı yunan futbolçunun “Yuventus”da da bu mövsüm gənclərdən ibarət komandada çıxış etməsi nəzərdə tutulub.
Kalulunun gəlişi ilə “Yuventus” öz mərkəz müdafiəçisi Daniele Ruqanini “Ayaks”a icarəyə verib. Niderland nəhəngi 30 yaşlı italyan futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb.
“Empoli”nin yetirməsi olan Daniele Ruqani 2012-ci ildən “Yuventus”un sıralarındadır. O, Turin klubunun əsas komandasında 148 oyuna 11 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. “Yuventus” Ruqanini “Empoli”yə, “Kalyari”yə, “Renn”ə də icarəyə verib.
İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Ruqani, 2016-cı ilin sentyabrında əsas millidə debüt edib. O, əsas yığmanın heyətində 7 oyuna çıxıb.
Kalulunu “Yuventus”a icarəyə vermiş “Milan” gənc hücumçusu Marko Nasti ilə də yollarını ayırıb. 20 yaşlı italyan futbolçu “Kremoneze”yə keçib və azad agent kimi 4 illik müqaviləyə imza atıb.
“Milan”ın yetirməsi olan Nasti daha öncə “Kozentsa” və “Bari”də icarədə çıxış edib, əsas komandada çıxış etməyib. O, İtaliyanın U-16, U-19, U-20 və U-21 yığmalarında da oynayıb.