“Qəbələ” 700-cü oyununa çıxdı

Cari mövsümdən futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Qəbələ” komandası bu gün tarixində 700-cü oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Birinci Liqanın 3-cü turu çərçivəsində “Mingəçevir”lə görüşüb.

Qəbələ şəhər stadionunda keçirilən görüş “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olub. Belə ki, komanda tarixinin 700-cü matçına çıxıb. Yubiley qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tarixində 700 oyun keçirən “Qəbələ” Premyer Liqada 540, ölkə kubokunda 85, avrokuboklarda 42, Birinci Liqada 33 qarşılaşmada qüvvəsini sınayıb.

“Qırmızı-qaralar” bu matçlarda 284 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 902 qol vuran komanda 794 top buraxıb.

Qeyd edək ki, “qırmızı-qaralar” tarixində ilk oyunu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib. Komanda Birinci dəstənin ev görüşündə 8:0 hesabı ilə qalib gəlib.