“Qəbələ” Azərbaycan Kubokunda “Qarabağ”a rəqib oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyunu Qəbələdə baş tutub.

“Qəbələ” doğma meydanda “Baku Sportinq”lə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilmiş matçda meydan sahibləri 4:0 hesablı qələbəyə seviniblər.

Oyuna fəal başlayan “Qəbələ” görüşün taleyini ilk 45 dəqiqədə həll edib. Meydan sahibləri erkən qolla hesabı açıblar. 5-ci dəqiqədə Domi Massoumo penaltidən fərqlənib. Hissənin ortalarında komanda ikinci qolu vurub. Ruslan Vorontsov qonaqların qapısına yol tapıb. Fasilə ərəfəsində daha bir qol qeydə alınıb. Domi Massoumo dublunu rəsmiləşdirib.

Fasilədən sonra da oyun meydan sahiblərinin üstünlüyü ilə keçib. Matçın 75-ci dəqiqəsində Fərid İsgəndərov 4-cü qola imza atıb. Beləliklə, 4:0 hesablı qələbə qazanan “Qəbələ” 1/8 finala yüksəlib.

“Qırmızı-qaralar” bu mərhələdə “Qarabağ”ı qəbul edəcək. “Qəbələ” dekabrın 3-4-də baş tutacaq mərhələnin matçını evdə keçirəcək.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
31 oktyabr

“Qəbələ” – “Baku Sportinq” 4:0
Qollar: Domi Massoumo, 5-pen; 43. Ruslan Vorontsov, 20. Fərid İsgəndərov, 75.
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Qəbələ şəhər stadionu, 15:00.

Azərbaycan Kubokunda 2-ci mərhələnin daha öncə keçirilmiş oyunlarında qeydə alınmış nəticələr belədir:

“Turan Tovuz” – “Hypers Quba” 7:2
MOİK – “Şimal” 3:1
“Şahdağ Qusar” – “Araz-Naxçıvan” 0:4
“Ağdaş” – “Kəpəz” 0:6
“Dinamo” – “Səbail” 0:6
“Şamaxı” – “Şəmkir” 6:1
“Mingəçevir” – “Zaqatala” 1:0
“Qaradağ Lökbatan” – “Karvan” 3:0
“Şəfa” – “Difai” 2:3
“İmişli” – “Cəbrayıl” 5:1