2022/2023 mövsümünü Azərbaycan Kubokunun qalibi kimi başa vuran “Qəbələ” dörd futbolçusu ilə müqaviləni yeniləyib.
Arena.az xəbər verir ki, İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaların müddəti uzadılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu futbolçularla imzalanan yeni müqavilələr qarşıdakı iki ili əhatə edir.
Əvvəlki anlaşmaları 2022/2023 mövsümünün sonunda başa çatan oyunçular 2025-ci ilin yayına qədər “qırmızı-qara” formanı geyinəcəklər.
Ürfan Abbasov: 30 yaşlı sol cinah müdafiəçisi 2021-ci ildən bu klubda forma geyinir. O, 2011-2019-cu illər aralığında da əyalət təmsilçisinin uğurları üçün çalışıb. “Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçu olan Ürfan, bu komandanın heyətində 267 matça çıxıb. O, bu görüşlərdə 4 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. “Səbail”də də oynamış təcrübəli futbolçu Azərbaycan milli komandasında 10 oyun keçirib, 1 qola imza atıb.
Murad Musayev: Klubun öz yetirməsi olan 28 yaşlı mərkəz müdafiəçisi bu komandada 104 oyun keçirib. O, bu görüşlərdə 3 qol və 2 məhsuldar ötürmə müəllifi də olub. Müdafiəçi “Səbail” və “Zirə”də də oynayıb.
İlkin Qırtımov: 2022/2023 mövsümünün əvvəlindən əyalət klubuna üz tutan 32 yaşlı sağ cinah müdafiəçisi burada 38 oyuna çıxıb. O, bu görüşlərdə cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Şamaxı”, “Simurq”, “Zirə” və “Neftçi”də də oynamış təcrübəli müdafiəçi Azərbaycan millisində 5 oyuna çıxıb.
Emil Səfərov: Klubun öz yetirməsi olan 20 yaşlı futbolçu indiyə qədər əsas komandada 57 oyuna çıxıb. Yarımmüdafiəçi bu matçlarda 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.