“Qəbələ” dörd futbolçu ilə yollarını ayırdı

“Qəbələ” dörd futbolçu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, yarımmüdafiəçilər Stefan Vukçeviç, Fernan Lopes, Kamal Mirzəyev və hücumçu Patrik Robson 2022/23 mövsümündə “qırmızı-qara” formada çıxış etməyəcək.

Bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb. Onlarla yolların ayrılmasına qərar verilib.

2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Stefan Vukçeviç iki mövsüm ərzində 58 oyunda 2 qol vurub.

Ötən mövsümün əvvəlində bir illik fasilədən sonra komandaya qayıdan Fernan Lopesin hesabında 40 matçda 4 top var.

Fasilələrlə “qırmızı-qara” forma geyinən Kamal Mirzəyev 15, qışda komandaya qoşulan Patrik Robson isə 13 qarşılaşmada iştirak edib.

“Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib. Onlara gələcək karyeralarında yeni-yeni uğurlar arzulanıb.

Xatırladaq ki, “Qəbələ”də daha öncə Nicat Mehbalıyev, Ehtiram Şahverdiyev və Samed Karakoçla da yollar ayrılmışdı. Əvəzində İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akalı transfer edən əyalət klubu, Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev, Ürfan Abbasov, Rafael Utziq və Omar Hani ilə də yollarını ayırıb.