2022/23 mövsümü üçün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.
Sözügedən klub heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Ötən mövsümü “Şamaxı”da keçirən Felipe Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib. Braziliyalı futbolçunun “Şamaxı”dan ayrılmasına bu klubdakı qeyri-müəyyənlik səbəb olub. Belə ki, klubda yeni prezidentin kim olacağı bilinmədiyi kimi, komandanın qarşıdakı mövsümdə iddialaı olub-olmayacağı da məlum deyil.
Xatırladaq ki, “Qəbələ” daha öncə “Şamaxı”dan ayrılan İlkin Qırtımovu, həmçinin “Sabah”ın qapıçısı Səlahət Ağayevi də heyətinə qatmışdı. Əyalət klubunda Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev və Ürfan Abbasovla da yeni müqavilə imzalanıb. Əvəzində Nicat Mehbalıyev və Ehtiram Şahverdiyevlə yolların ayrılmasına qərar verilib.


