“Qəbələ” Türkiyəyə gedir: iki yoxlama oyunu keçirəcək

“Qəbələ” 2022/23 mövsümünün hazırlığına sabah start verəcək. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

“Qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. İlk rəqibin kimliyi hələlik bəlli deyil.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Boludakı “Termal” otelində məskunlaşacaq. Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.