2024/2025 mövsümünə hazırlığını doğma meydanda davam etdirən “Qəbələ” fasilə dövründə ilk yoxlama oyununu keçirəcək.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Küveytin “Əl-Yarmuk” komandası ilə üz-üzə gələcəklər.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Qəbələdə təlim-məşq toplanışında olan Asiya təmsilçisi ilə matç sabah keçiriləcək. Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
Qeyd edək ki, ötən mövsüm Küveyt çempionatının Birinci Liqasının qalibi olan “Əl-Yarmuk” Premyer Liqaya vəsiqə qazanıb. “Qırmızı qaralar” isə Premyer Liqanı tərk etdikləri üçün qarşıdakı mövsümü Birinci Liqada keçirəcəklər.
Xatırladaq ki, “Əl-Yarmuk” daha öncə Azərbaycanda “Kəpəz” (1:2) və “Şamaxı” (0:2) ilə də yoxlama oyunları keçirmiş və məğlub olmuşdu.