Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” yay transfer dövründə altıncı oyunçu keçidini reallaşdırıb.
Belə ki, əyalət klubu ukraynalı yarımmüdafiəçi Andrey Strijakı heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Kiyev “Dinamo”sunun yetirməsi olan Andrey peşəkar karyerası ərzində “Şaxtyor” (2017-2018), “Arsenal” (2018-2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022) və “Olimpik” (2021) klublarının formasını geyinib. O, bu ilin əvvəlindən Xorvatiyanın “Medimurye” komandasında çıxış edirdi.
Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu heyətinə qatmışdı. Əyalət klubunda Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev, Ürfan Abbasov, Rafael Utziq və Omar Hani ilə də yeni müqavilə imzalanıb. Əvəzində icarədə olan Nicat Mehbalıyev “Sabah”a qayıdıb, Ehtiram Şahverdiyev, Samed Karakoç, Fernan Lopes, Stefan Vukçeviç, Kamal Mirzəyev və Patrik Robsonla yollar ayrılıb.