“Qəbələ” yeni mövsüm üçün hazırlığa yerlilərlə başladı

Futbol üzrə Azərbaycan Kubokunun sonuncu qalibi olan “Qəbələ” 2023/2024 mövsümünün hazırlığına start verib.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gəliblər.

Hazırlıq prosesi çərçivəsindəki ilk məşq yerli futbolçuların iştirakı ilə keçirilib. Fiziki təmrinlər yerinə yetirən komandanın məşqi əsasən topsuz çalışmalardan ibarət olub.

Xatırladaq ki, iyulun 8-nə qədər Qəbələdə hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini Türkiyədə gerçəkləşdirəcək. Bu toplanışın nə vaxta qədər davam edəcəyi, eləcə də komandanın hansı rəqiblərlə yoxlama oyunu keçirəcəyi hələ bilinmir.

“Qəbələ” bu yay Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. “Qırmızı-qaralar” bu turnirin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. İlk rəqib isə Kiprin “Omoniya” komandasıdır. Elmar Baxşıyevin yetirmələri ilk matçı evdə keçirəcək. 2-ci təsnifat mərhələsinin qarşılaşmaları iyulun 27-də və avqustun 3-də baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: