Qış təlim-məşq toplanışını ölkə daxilində davam etdirən “Qəbələ” və “Kəpəz” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk iki dövrəsindən sonra autsayderlər qrupunda qərarlaşmış komandalar Qəbələ şəhər stadionunda qarşılaşıblar.
Matç Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov 13-cü dəqiqədə hesabı açıb. Qonaqlardan Georgi Papunaşvili 25-ci dəqiqədə tarazlığı bərpa edib. “Qəbələ”nin müdafiəçisi Murad Musayev isə 32-ci dəqiqədə avtoqol müəllifi olub.
Bölgə təmsilçiləri yanvarın 15-də ikinci yoxlama matçını keçirəcəklər. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.
Xatırladaq ki, 14 xala malik komandalar 9-10-cu yerləri bölüşdürürlər. Gəncə təmsilçisi yalnız şəxsi oyunlardakı üstünlüyə görə rəqibini qabaqlayır.