“Qəbələ” zədəli futbolçuları – Kristof Atanqana, Gilad Abramov, Asif Məmmədov, Fares Abu Akel və Ürfan Abbasovun durumunu açıqlayıb.
Arena.az xəbər verir ki, əyalət klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində sabah “Səbail”lə qarşılaşacaq komandanın hazırlığında “qırmızı-qaralar”ın 4 futbolçusu iştirak etməyib. Belə ki, Gilad Abramov, Asif Məmmədov və Fares Abu Akel hələ də bərpa prosesini davam etdirirlər.
Dizindən zədələnən Kristof Atanqana isə əməliyyat olunacaq. Qapıçı sabah İspaniyaya yollanacaq. O, oktyabrın 9-da müayinədən keçəcək. Bundan sonra əməliyyatın vaxtı müəyyənləşəcək.
Zədədən sonra bərpa prosesini başa vuran Ürfan Abbasova gəlincə, kapitan artıq komanda ilə məşqlərə qoşulub.
Xatırladaq ki, sabah – oktyabrın 7-də Qəbələdə keçiriləcək bu komandaların oyununa saat 16:00-da start veriləcək.
Bu, rəqiblərin 28-ci dueli olacaq. Əvvəlki qarşılaşmalarda “Qəbələ” böyük üstünlüyə malikdir. İndiyədək keçirilən 27 görüşdə 16 qələbəsi olan “qırmızı-qaralar” 6 görüşdən sülhlə ayrılıb. Paytaxt təmsilçisi isə 5 dəfə qalib gəlib. Son 6 dueldə məğlub olmayan əyalət komandası bu görüşlərin hamısında qol sevinci yaşayıb. Rəqib qapısından 52 top keçirən Qəbələnin eyniadlı təmsilçisi 29 qol buraxıb. Ülvi İsgəndərovla Baqali Dabo “Səbail”ə daha çox – hərəyə 6 qol vurub.
“Qəbələ” “Səbail”lə 23 dəfə çempionat, 4 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 12 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” top fərqində də öndədir – 43-25.
Əyalət klubu 14-cü dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək bu komanda evdəki 13 görüşdə uduzmayıb. 10 qələbəsi olan qəbələlilər 3 dəfə heç-heçə ediblər. Meydan sahiblərinin 31 qol vurduğu görüşlərdə qonaqlar 10 dəfə fərqləniblər. “Qırmızı-qaralar” indiyədək ev oyunlarını qolsuz tərk etməyiblər.


