“Qəbələ”də Fares Abu Akel müjdəsi

“Qəbələ”nin yarımmüdafiəçisi Fares Abu Akel mövsümün ikinci yarısının hazırlığını davam etdirən komandanın məşq prosesinə qoşulub.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, zədədən sonra bərpa prosesi keçdiyi üçün mövsümün ilk yarısını buraxmalı olan 27 yaşlı futbolçu klubun mətbuat xidmətinə açıqlama verib.

O, hazırkı durumu barədə bunları söyləyib: “Bərpa prosesindən keçdiyim müddətdə komandamızın mövsümün ilk yarısındakı bütün oyunlarımı izləmişəm. İkinci yarıda “Qəbələ”yə qoşulmaq və komandaya kömək etmək üçün özümü böyük səylə hazırlayırdım. Bərpa prosesi çox intensiv keçdi. Hətta bəzən yükləmələrdən ağrılar da yüksək həddə çatırdı. Lakin bu zədə zamanı belə olması normaldır. Bacardığımın ən yaxşısını etdim ki, bərpa prosesini yekunlaşdırım”.

İsrailli futbolçu tezliklə meydana çıxa biləcəyi və komandanın mövsümün ikinci yarısında daha uğurlu çıxış edəcəyinə inandığını bildirib: “Hazırda komanda ilə məşqlərə başlamışam. Düşünürəm ki, fevralda oyunlar üçün tam hazır olacağam. Mövsümün əvvəlində komandaya yeni oyunçular qoşuldular. Onların çoxu Azərbaycan çempionatı ilə tanış deyildi. Artıq iki dövrə arxada qalıb. İnanıram ki, 3-cü dövrədən başlayaraq daha yaxşı çıxış edəcəyik. Mən də “Qəbələ”yə gəldiyim ilk dövrədə zəif təsir bağışlayırdım. İkinci yarıda daha güclü oldum. Çünki vaxt keçdikcə liqaya uyğunlaşdım. Həm nəticə, həm də oyun baxımından daha yaxşı olacağımıza inanıram”.

Xatırladaq ki, ötən mövsümün sonunda zədələnən Fares Abu Akel 2023-cü ilin iyul ayında vətəni İsraildə ön çarpaz bağlarından əməliyyat olunub. Həmin dövrdən o, bərpa prosesi ilə məşğuldur.

Abu Akel “Qəbələ”yə 2022-ci ilin iyul ayında transfer olunub. 26 yaşlı yarımmüdafiəçi əyalət klubunda 38 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Fares daha öncə “Aşdod” və “Hapoel” (İxsal) kimi klublarda da forma geyinib.