“Qəbələ”nin braziliyalısı yeni müqavilə təklifinə “yox” dedi – SƏBƏB

Azərbaycan Kubokunun finalında oynayacaq “Qəbələ” mövsüm başa çatmamış müqavilələrinin müddəti bu yay bitəcək oyunçularla danışıqlar aparır.

Arena.az-ın əldə etdiyi məlumata görə, komandanın əsas hücumçularından biri – Rafael Utziq artıq gələcək karyerası ilə bağlı qərar verib.

O, rəhbərliyin səylərinə rəğmən, “qırmızı-qaralar”la anlaşma yeniləmək niyyətindən uzaqdır.

Braziliyalı vinger həm çıxış etdiyi komandanın paytaxtı deyil, bölgəni təmsil etməsindən, həm maaşının azlığından, həm də baş məşqçi Elmar Baxşıyevin onu dəfələrlə ehtiyatda saxlamasından narazıdır. Odur ki, son görüş zamanı Utziq ona eyni şərtlərlə təklif olunan yeni müqavilədən imtina edib.

Xatırladaq ki, Rafael Utziq 2020-ci ilin sentyabr ayından “Qəbələ”nin uğurları üçün çalışır. 26 yaşlı sol cinah vingeri əyalət təmsilçisində 79 oyuna çıxıb. O, bu görüşlərdə 15 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Utziq ölkəsində “Parana” komandasında da 15 oyun keçirib.