“Qəbələ”nin yeni mövsümə hazırlıq planı: Öncə evdə, sonra Boluda

Futbol üzrə Azərbaycan Kubokunun sonuncu qalibi olan “Qəbələ”nin 2023/2024 mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Arena.az əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələcək.

İyulun 8-nə qədər davam edəcək hazırlıq prosesinin ilk mərhələsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

“Qəbələ” toplanışın ikinci mərhələsini gerçəkləşdirmək üçün iyulun 10-da Türkiyəyə yollanacaq. Komanda Boluda məskunlaşacaq. Qonşu ölkədə üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.

Elmar Baxşıyevin çalışdırdığı komandanın Türkiyə toplanışının müddəti Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin iyunun 21-də keçiriləcək püşkatmasından sonra dəqiqləşəcək. “Qırmızı-qaralar” ilk oyununu səfərdə keçirməli olsa, görüşə birbaşa Boludan yollanacaq. Avrokubok mövsümü ev matçı ilə başlasa, “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və hazırlığı ölkəmizdə yekunlaşdıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: