Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.
Arena.az xəbər verir ki, koronavirus pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib.
Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Qitə futbol qurumu qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçirilməsinə qərar verib.
Qeyd edək ki, martın 27-də baş tutacaq Qətər – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Onu da əlavə edək ki, DÇ-2022-nin ev sahibi olan Qətər yığması mundialın Avropa zonası üzrə seçmə mərhələsinə müsabiqədənkənar şəkildə qatılıb. Yəni bu komanda ilə nəticələr əsas götürülməyəcək. Millimizin A qrupundakı əsas rəqibləri isə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqdur.