Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kubokunun qalibi müəyyənləşib.
Arena.az məlumat verir ki, bu gün keçirilmiş final oyununda meydan sahibi Qətər yığması İordaniya milli komandası ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesab 22-ci dəqiqədə açılıb. Qətər seçməsinin heyətində Əkrəm Afif penaltini dəqiq yerinə yetirib. İordaniya yığması matçın 67-ci dəqiqəsində Yazan Əl-Naimatın qolu ilə hesabı bərabərləşdirib. Lakin 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.
Xatırladaq ki, Qətər yığması 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnirdə də Asiya Kubokunun qalibi olmuşdu.
İordaniya yığması isə bu il yarımfinalda Cənubi Koreyaya qalib gələrək tarixində ilk dəfə Asiya Kubokunda finala yüksəlmişdi.
Asiya Kuboku 2023
Final
10 fevral
İordaniya – Qətər 1:3
Qollar: Yazan Əl-Naimat, 67 – Əkrəm Afif, 22-pen; 73-pen; 90+5-pen.