Futbol üzrə Qətər yığmasının baş məşqçisi Feliks Sançes Bas DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin də yer aldığı A qrupundakı komandalara qarşı keçirəcəkləri oyunlardan danışıb.
Arena.az xəbər verir ki, mundiala ev sahibliyi edəcək Qətər yığmasının 46 yaşlı çalışdırıcısı yerli mətbuata açıqlamasında bu matçların onlara böyük fayda verəcəyini vurğulayıb:
“Avropa çempionatının seçmə mərhələsində oynamağımız DÇ-2022-yə yaxşı hazırlaşmağımıza kömək edəcək. Mundialda da Avropa komandalarına qarşı oynaya bilərik. Gələn il Amerika Kuboku və KONKAKAF “Qızıl Kuboku”nda da mübarizə aparacağıq. Bunlar yaxşı planlardır. Artıq sadəcə Asiyadakı komandalara qarşı oynamırıq. Bu qarşılaşmaların hamısı dünya çempionatına yüksək səviyyədə hazırlaşmağa kömək olacaq. Qrupdakı bütün görüşlər həyəcanlı və maraqlı olacaq.”.
İspan baş məşqçi A qrupundakı komandalardan danışarkən Azərbaycan və Lüksemburq yığmalarını fərqləndirməyə ehtiyac duymayıb: “Qrupumuzdakı bütün komandalar güclüdür. Avropa çempionu Portuqaliya qrupun favoritidir. Onlara qarşı yaxşı oyun olacaq. Yüksək səviyyədə olan komandaya qarşı çıxış edəcəyik. Belə komanda ilə oynamaq yaxşı haldır. Bu, bizim üçün əla təcrübədir. İrlandiya və Serbiya ilə duel də yaxşı keçəcək”.
Qeyd edək ki, UEFA Qətər millisini Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Qətər yığması martın 27-də Avstriyada Azərbaycan millisini qəbul edəcək.