İngiltərənin “Mançester Yunayted” klubunu satın almaq istəyən qətərli Şeyx Cassim bununla bağlı danışıqlardan çəkilib.
Arena.az xəbər verir ki, o, klub sahibinin “Mançester Yunayted”in dəyərinə dair təxminini qeyri-gerçək hesab etdiyi üçün bu addımı atıb.
Cassimin öz təklifi təxminən 5 milyard funt-sterlinq məbləğində olub.
Qətərli şeyx ilə yanaşı, ingiltərəli milyarder Cim Ratkliff də bu klubu almağa əsas namizədlərdən hesab olunur.
Xatırladaq ki, bir müddət öncə amerikan iş adamları Qleyzerlərin “Mançester Yunayted”i satışdan çıxaracağı haqda da xəbərlər yayılmışdı. Qleyzerlərin müvafiq addımının səbəbi kimi klubun satışı müqabilində tələb olunan 10 milyard funt-srerlinq məbləğə müvafiq təklif ala bilməmələri göstərilmişdi.
Digər iddiaya görə, klubun sahibləri 2025-ci ildə “Mançester Yunayted”i yenidən satmağa cəhd edəcəklər. Müvafiq strateji addımla Qleyzerlər maliyyə amillərinin hərracda daha çox iddiaçı cəlb edə biləcəyinə ümidlidirlər. İşbazlar həmçinin ümid edirlər ki, “qırmızı şeytanlar”ın holland baş məşqçisi Erik ten Haq qarşıdakı iki mövsümdə böyük uğurlar əldə edərək, kuboklar qazana bilər. Bu da öz növbəsində klubun dəyərinin daha da artmasına səbəb ola bilər.
Xatırladaq ki, Qleyzerlər ailəsi 2005-ci ildən “Mançester Yunayted”ə rəhbərlik edirlər. Lakin onlar “qırmızı şeytanlar”ın azarkeşləri tərəfindən sevilmirlər. Buna komandanın uzun illərdir ciddi uğurlar qazana bilməməsi səbəb göstərilir.
“Mançester Yunayted” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 8 oyundan 4 qələbə qazansa da, 4 oyunda da məğlub olub və hazırda 12 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Həmçinin Mançester təmsilçisi UEFA Çempionlar Liqasında “Bayern”ə (3:4) və “Qalatasaray”a (2:3) məğlub olub. Komanda A qrupunda sonuncu pillədə qərarlaşıb.