“Qəbələ” 2022/23 mövsümünün hazırlığına start verdi

“Qəbələ” 2022/23 mövsümünün hazırlığına start verib. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

“Qırmızı-qaralar” mövsümlərarası fasilədəki istirahəti başa vuraraq bir araya gəlib. Bu gün komandanın ilk məşqi baş tutub. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında keçən hazırlıq prosesi fiziki təmrinlərlə başlayıb. Futbolçular məşqi toplu və topsuz çalışmalarla davam etdirib.

Xatırladaq ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 30-da başa çatacaq. Komanda bu təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyunu da keçirəcək.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Boludakı “Termal” otelində məskunlaşacaq. Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə uyğun planlaşdırılacaq.

Qeyd edək ki, “Qəbələ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstanın “Fehervar” kollektivi ilə qarşılaşacaq. Bu rəqiblə ilk oyun iyulun 21-də səfərdə, cavab görüşü ayın 28-də evdə olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: